Ünvanım dəyişib. Eminov.info
Avgust 24, 2009. Yazdı: asif eminov · 40 baxış · Şərh yaz
Hər kəsə salamlar. Bu saytı yeni ünvana keçirmişəm. Bundan sonra eminov.info saytına daxil olun. Yeni yazılar orada dərc olunur. Qısa vaxt ərzində bu sayt da həmin ünvana yönləndiriləcək.
Hörmətlə, asif eminov.
Yarımçıq əlyazma: Mən kiməm?
Avgust 9, 2009. Yazdı: asif eminov · 88 baxış · 2 şərh
Mən - yaradılanam.
Mən - yaradanam.
Mən - yaşadanam.
Mən - sevdirən, sevilən, sevənəm.
Mən - keçmişlə gələcək arasında körpüyəm.
Mən - zəncirin ən güclü və ən zəif bəndiyəm.
Mən - sual verənəm. Mən - bütün suallara cavab tapanam.
Mən - kimlərəsə ümid, kimlərəsə yarasız biriyəm.
Mən - tarixin başlanğıcı və sonuyam.
Mən - hiss edənəm.
Mən - mənimin görmədiyiyəm.
Mən - hətta arzu, xəyalam.
Mən - idealam. Mən - hətta özümə də əlçatmazam.
Mən - mənimi öldürən, mənimə görə ölümə hazır olanam. Mən - mənə görə mənimi satanam.
Mən - qatiləm.
Mən - müqəddəsəm.
Mən - yazığı gələn, yazığın gəldiyinəm.
Mən - nifrət qazananam.
Mən - ən kasıb və ən varlısıyam.
Mən - …
Sən kimsən? Sən də elə mənsən…
Sizlər hamınız mənsiz…
Yarımçıq əlyazma: babam
Avgust 9, 2009. Yazdı: asif eminov · 51 baxış · Şərh yaz
(babam)
Babam uzaqgörən idi. Ona görə 6 aylığımda ikən qışın soyuğunda donub ölməyimi istəyib…
Rəhmətlik babamı çox sevirəm. O, olmasaydı, atam olmazdı. Atam olmasaydı, mən olmazdım…
Yadıma gələn ilk arzumu babam yerinə yetirib. O mənə 3 təkərli velosiped alıb…
Keçən il babamın qəbri üstünə gül qoymağa gedəndə, qəbirin üstündə sevişən iki pişik gördüm. Buna görə düz 15 dəqiqə nahara gecikdim. Yeni bir həyatın qarşısını almaq, günah deyilmi?
Mən ruhlara inanmıram. Bəlkə buna görə ruhlar məni narahat etmir? Yoxsa ruhlar məndən qorxurlar? Bugün qəbirstanlıqda yatacam… Babamın qəbri üstündə… Heç olmasa babam məndən qorxmasın…
Yarımçıq əlyazma: İçmirsən! Çəkmirsən!
İyul 18, 2009. Yazdı: asif eminov · 82 baxış · Şərh yaz
(içmirsən, çəkmirsən)
-Ata, mənə 2 manat ver də…
Acıqlı çəkildə cavab gəlir: - Neynəyirsən?!
Sakitcə: -Kontur alacam…
Bu zaman içindəki hirs daha qabarıq büruzə olunur üzündə… -Yoxumdur!!! İçmirsən, çəkmirsən!!! Pulu neynəyirsən?! … Mənə bir həftə bəs edir kontur, sənə isə iki gün davam etmir! Vermirəm!
Bir neçə saniyə üzünə baxıram və otaqdan bayıra çıxıb, hər zamankı kimi kompüterin qabağında…
Əlavə: Nə bir dəfə məni balıq tutmağa apardın… Nə bir dəfə də olsa, hansısa nəaliyyətimə görə təbrik etdin… Nə bir dəfə də olsa, məsləhət verməyi bacardın, nə gördüyüm hansısa işə dəstək oldun və s.
Sən hətta anamın köynəyinə qurd yağı sürtən qardaşının uşaqlarını məndən çox sevdin…
Səni çox sevirəm, ata…
Y.ə: Saatlarım başladı və yaxud ad günü
İyul 11, 2009. Yazdı: asif eminov · 76 baxış · 1 şərh
Düşündüm bir gəncin manifestinə bu günü də qeyd edim.
Doğuldum bir gün… Çılpaq, ağlağan. İlk dəfə silləni də o vaxt aldım. İlk dəfə havanı da o vaxt uddum. İlk dəfə ana südünə nə qədər möhtac olduğumu da o vaxt hiss etdim. Ağladım doyunca. Ağladım… Heç kim də susdurmadı məni. Çünki sevinirdilər. Beləcə saatlarım başladı…
Getdikcə böyüdüm. Böyüdükcə maraqlandım hər şeylə. Maraqlandıqca anlamağa başladım olanları. Anladıqca yaş üstə yaş gəldi. Bugün 22-yə çatdı bu rəqəm. 22 il yaşadım hamı kimi. Bu 22 ildə pis gün də gördüm, yaxşı gün də. Gördüyüm hər an məni qarşıdakı saatlara tərəf itələdi. Beləcə 22 il arxada qaldı. 23-ün içindəyəm. Hiss edirəm…
Amma hələ də qolumda saat gəzdirmirəm… Ad günün mübarək, asif eminov.
(çox yazmayaq)
Əlavə mətn: Bir gün saatlarım bitəcək… Və onda dəqiqələrə, saniyələrə möhtac olacağım an da olacaq…
Fikirli frazalar (2)
İyun 25, 2009. Yazdı: asif eminov · 194 baxış · 8 şərh
- İnsan ümidlərini itirdikdə mənasız olur.
- Sabaha inamım var. Günəş çıxacaq…
- Sən olmayanda daha maraqlı idin.
- Həyat üçün yeniyəm.
- Ürəyinə gəlirəm… Qan iyləməyə…
- Bir gün ölək… Bəlkə cənnəti gördük…
- Heç kimdən özümdən qorxduğum qədər qorxmuram.
- Hər şeyi yaradan fantaziyadır.
- İnsan səhv etdikcə inkişaf edir. Səhv olmasa, nəticə dəyişməz. Əksər səhvlər pis sonluqla bitmir.
Yarımçıq şeirlər
İyun 18, 2009. Yazdı: asif eminov · 96 baxış · Şərh yaz
- Saniyanın “Bahar mehi və ya nostalgiya” şeirinə…
Bahar mehi
ürəyimə qonar.
Sənin kimi…
Düşüncələr sarsılaraq
oyanar.
Qışdan çıxmış
yorğun kimi…
… Və səni axtarar
Səhvən
bahar mehində…
(ingiliscə)
Spring wind…
will be in my heart
Thoughts will be woken
As a tired
Like a winter…
… And looking for you
By mistake
In the spring wind…
Daha ətraflı
Tanrı kimdir?
May 12, 2009. Yazdı: asif eminov · 157 baxış · 10 şərh

foto: www.eso-garden.com
Əslində biz Tanrını dərk edirikmi? Məncə yox. Biz sadəcə ondan qorxuruq. Həmişədə qorxacayıq. İnsan ən çox kimdən qorxar? Özündən… Nə qədər ki, insan özü-özündən qorxacaq, Tanrıdan da qorxacaq. Amma ki… Bu bir müqəddəs qorxaqlıqdır… Və biz insanlar Tanrını heç də ideal bir varlıq hesab etmədik… Onu həm yaxşı, həm də qatil etdik. Niyə qatil? Cənnət, cəhənnəm anlayışı ilə… Cəza anlayışı ilə… Qarğış anlayışı ilə… İnanmıram ki, Allah bu qədər qəddar ola. Ən azından Tanrı anlayışında ideallıq vardır. Və əgər Tanrı ideal varlıqdırsa, demək ya pislik etməli, ya yaxşılıq. İdealdırsa, o heç vaxt pis ilə yaxşını ayırmaz. Amma ayırdı. Əslində insan ayırdı. Əslində insan Tanrını bugünə saldı. Əslində insan özü Tanrıya bu qədər qəddar damğası qoydu… Bir düşün… İçində daha dərinlərə baş vur. Özünə sual ver. Mən kiməm? Tanrı kimdir? Biz nə özümüzü dərk edirik, nə Tanrını… Ən birinci növbədə isə özümüzü dərk etməliyik… Biz bu müqəddəs anı yaşamayınca, Tanrının kim olduğunu, nə olduğunu hardan bilək? Necə dərk edək? Mənsə özümü dərketməkdəyəm… Və ölüncə 5% də olsa, özümü dərk edə bilsəm, inanın ki, dizlərim üstə çöküb içimdəki Tanrıya min dəfə təşəkkürümü bildirəcəm… Bilirəm, mənim Tanrım içimdədir. İçimdəki mənlə bir yerdə döyünür. Və bilirəm ki, Tanrı özü birinci içimdəki məni dərk etməyimi istəyir.
Bəlkə o zaman Tanrının kimliyinə cavab tapdım. Bəlkə də… Bəlkə elə Tanrı özümüzük? İnsan ki, həm yaxşı, həm pisdir… Fövqəlinsan isə müqəddəs hesab edilə bilər. Hamıya fövqəlinsan olmağa can atmaqlarını arzu edirəm…
İnanıram. Bir gün kvant fizikası da Tanrının kim olduğunu izah edəcək…
P.S: Sizdən çox xahiş… Mənə atesit damğası qoymaq istəyincə, bəlkə öz dərinliyinzə baş vurub günah qazanıb-qazanmayacağınız haqqında düşünəsiz? (Əslində özümü daha çox deist hesab edə bilərəm. Və bununla özümü xoşbəxt hesab edirəm… )Yoxsa özünüzü bu qədər aciz sayırsız? Kimlərisə günahlandırmağa nə var? Əsil müqəddəslik özünüdərketmək deyilmi? Bəlkə kimlərisə günahlandırınca, lənətləyincə özümüzü dərk etməyə çalışaq? Mən çalışıram… Zənnimcə düz yoldayam. Sizlərə də öz düşüncəniz dərk etdiyiniz qədər düz yol arzu edirəm…
Qaranlıq hisslər
Aprel 17, 2009. Yazdı: asif eminov · 278 baxış · 4 şərh
Saat 00:10. Yorğun iş gecəsi, dayanacağa yönlənmiş sonsuz bir cığır… Səssiz gecə… Addımlar… Bu sonsuzluğa səpələnən qaranlıq fikirlər… Bu fikirlərə bürünmüş hava da içimdəki daş ürəyimi isidər. Bu gecə qorxular, vahimələr uzaq durar məndən… Bu gecə üşüyən ürəkdən qanla birlikdə başqa şeylər də keçir. Beyin isə pis və yaxud yaxşı, həmişə ürəyə dəstək olub. Tut başını gecənin bu aləmində, yolundan dön və apar ayaqlarını qəbirsanlığa sarı…
Saat 00:58. İnsanların son ünvanına çatdım deyəsən… Bu ünvan bu gecə çox qaranlıq səhərkindən… İşıqları belə yanmaz bu dünyanın. Hamının qorxacağı ölülər diyarı sakitcə məni müşahidə edir, mənsə onları… Beləcə zaman da donub bu soyuq havada. Nəfəsim göylərə uçar. Arzulardır… İçimdən buxarlanaraq göylərə sovrular. Bəlkə də… Təklikdə heç nəyi bacarmayan, buraları isitməyə cəhd göstərən isti bir mehdir… Hamı qorxar ölülərdən, ölülərə bu qədər yaxın olmaqdan. Bircə qohum-qardaşlardan savayı… Mənimsə burda nə qohumum yatar, nə qardaşım. Tanımadığım insanlardır torpaq həvəsilə mürgüləyənlər. Dayanmışam ayaqlarında bu qəbirlərin… Amma həmıdan fərqli olaraq oyaq ölü görmədim bu gecənin qaranlığında. Heç görmədim… Burda hamı bu gecənin sakitliyində uyumuşdu sakitcə… Daha ətraflı
Fikirli frazalar (1)
Aprel 15, 2009. Yazdı: asif eminov · 189 baxış · Şərh yaz

“O kəslər ki, sözü dinləyib onun ən gözəlinə uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (“Zumər” surəsi, ayə 18)
Hər insan bir yuvanın “quş”udur. Məndə bu yuvanın… Sevirəm mətnaltı mənaları. Həmin cümlələri dahi sayıram və çox qiymətləndirirəm… Bunlar isə təsadüfən doğulan fikirli frazalarımdır. Bir şeyi də qeyd edim ki, hər insan hər şeyi müxtəlif cür dərk edir. Və kimsə burdakı cümlələrin mətnlatı mənalarını özü üçün düzgün izah edə bilmirsə, günah məndə deyil… Hərənin günahı öz üzərində olsa, bu daha yaxşıdır… Elə deyilmi?
Daha ətraflı





Mən - asif eminov, 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Tibb Universitetinin İV kurs tələbəsiyəm. İnternet aləminə 2006-cı ildən baş qoşdum və marağıma səbəb oldu. 





